Ingilab and his passion for actuarial science

Ingilab and his passion for actuarial science



İnqilab və onun aktuar elm sahəsinə olan marağı

Bizə bir az özündən bəhs et.

Belçikada KU Leuven universitetində 1-ci kurs tələbəsiyəm. Hal-hazırda aktuar riyaziyyatı və maliyyə mühəndisliyi nəzəriyyəsinə fokuslanan Aktuar və Maliyyə Mühəndisliyi adlı iki illik proqramda oxuyuram.

2 bakalavr diplomum var: 1-cisi İtaliyanın Roma şəhərində “İqtisadiyyat” üzrə, 2-cisi Rusiyanın Sankt-Peterburq şəhərindəki Ali İqtisadiyyat Məktəbində “İdarəçilik” üzrə.

Niyə Belçika?

Qərar verərkən mənim üçün əsas meyar ölkə yox, məhz təhsil proqramının özü idi. Avropada bu xüsusi dərəcəni yalnız iki ölkədə tapa bildim: Estoniya və Belçika. Bu variantların hər ikisini təhlil etdikdən sonra, universitet sıralaması, təhsil haqqı, bilik və bacarıqlara uyğun işləmək imkanı və ölkənin gözəl təbiəti kimi bir çox amillərə əsaslanaraq Belçikanın mənim üçün daha uyğun olduğunu anladım. Üstəlik fərqli mədəniyyətlərin çox olması səbəbindən Belçikanın xarici tələbələr üçün bir çox üstünlükləri olduğu qənaətində idim. Orada yaşadığım gündən Niderland (dutch) dilini öyrənməyə başladım.

Aktuar elmini necə təsvir edərdin?

Aktuar elm riyazi vasitələrdən və statistik metodlardan istifadə etməklə sığorta sektorundakı maliyyə risklərinin dərin hesablanmasıdır. Bu sahədə müvəffəqiyyətli olmaq üçün maliyyə savadına, proqramlaşdırma bacarıqlarına, əhəmiyyətli riyaziyyat və hüquq biliklərinə sahib olmaq mütləqdir. Məni aktuar elminə həvəsləndirən əsas səbəb isə bir çox qeyri-müəyyən vəziyyətlərdə müəyyənliyin tapılmasıdır.  Aktuar elminin başqa bir müsbət cəhəti isə bu sahəyə olduqca yüksək tələbatın olması və eyni zamanda mütəxəssis çatışmazlığı səbəbindən digər sahələrlə müqayisədə rəqabətin daha az olması idi.

Bu sahədə tələbə üçün ən vacib bacarıqlar hansılardır?

Xeyli rəqəmsal analiz tələb edən bir sahə olduğu üçün tələbə riyaziyyat və statistikada yüksək bilgiyə sahib olmalıdır. Xüsusilə, ehtimal nəzəriyyəsi, hesablamalar və cəbr haqqında yüksək biliklərə yiyələnmək şərtdir. Şəxsi təcrübəmə görə deyə bilərəm ki, davamlılıq bu həyəcanverici sahəni öyrənməyin açarıdır. Xüsusi dəqiqlik, daimi olaraq riyazi hesablamalar tələbədə yüklənmə yarada və marağının azalmasına gətirib çıxara bilər. Elə buna görə də, tələbə hər zaman yüksək motivasiyada qalmağı bacarmalıdır. 

Bu sahə üzrə tədris almadığınızı fərz etsək, alternativiniz nə olardı?

Bakalavr təhsilim iqtisadiyyat üzərində olduğundan ehtimal ki, maliyyə və ya kvant iqtisadiyyatı kimi bir elmlə davam edərdim. Magistr təhsili almasaydım, konsaltinq və ya maliyyə sektorunda işə başlayardım.

Xaricdə təhsil almağın əsas üstünlükləri nələrdir?

Birincisi, əlaqə imkanlarıdır. Avropanın fərqli ölkələrindən və Rusiyadan gözəl dostlar qazandım. İkincisi, yeni dillər əldə etmək şansım oldu. Həmişə müxtəlif dillər öyrənməyə həvəsim olub, çünki bu, çoxlu perspektivləri və açıq zehniyyət imkanlarını özündə ehtiva edir. Son olaraq isə bunu deyə bilərəm ki, xaricdə təhsil almaq qısa müddətdə bir şəxsiyyət olaraq böyümək imkanını yaratdı. Çünki gənc yaşda xarici bir ölkədə məskunlaşanda istər vaxt idarəçiliyi olsun, istərsə də büdcənizi ayırmaq kimi bir çox məsuliyyət və qayğını öz üzərinizə götürürsünüz ki, bu da sizi yetişdirir, idarəetmə bacarıqlarınızı inkişaf etdirir.

Oxucularımıza son sözləriniz

 

İşinizdə qətiyyətli və inamlı olun. Səhv yolda olduğunuzun fərqinə varsanız, düşünməyin ki, keçid etmək üçün artıq gecdir.  Son olaraq bunu da vurğulayım ki, gələcəyinizi proqnozlaşdırmayın, özünüz yaradın!



Şərhlər
  • img
    Nushaba
    06-08-2022

    What an interesting article!

Şərhinizi əlavə edin
Şərh əlavə etmək üçün daxil olmaq lazımdır